5 iyun 2012 14:43
Millimizin və Qarabağın qənimi rəsmən Mançester Yunayteddə
İngiltərənin “Manchester United” klubu futbol üzrə Yaponiya yığmasının və Almaniyanın “Borussia” (Dortmund) klubunun oyunçusu Şinji Kaqavanı heyətinə qatıb. Azerisport.az xəbər verir ki, xeyli müddət öncədən gözlənilən bu keçid artıq tam rəsmiləşib.
Qeyd edək ki, 2010-cu ildə 350 min avro qarşılığında Yaponiya klubunu “Borussia”ya dəyişən Kaqava bu komanda ilə ardıcıl iki ildi Almaniya çempionu olurdu. Sərgilədiyi oyunla digər Avropa nəhənglərinin də diqqətini çəkən yapon ulduz nəhayət İngiltərə klubunun “radar”ında ilişib.
Hazırda Kaqavanın İngiltərədə işçi vizasının həll olunması yönündə iş aparılmaqdadı. Hansı ki, bu problem səbəbindən yığmamızın yarımmüdafiəçisi Araz Abdullayev də “Everton”da çıxış edə bilmir.
Qeyd edək ki, Kaqava bir neçə gün öncə baş tutan Yaponiya – Azərbaycan yoldaşlıq oyununda millimizin qapısına vurulan ilk qolun müəllifi olmuşdu. O, həmçinin Avropa Liqasında “Qarabağ”ın da qapısına yol tapmaqla azarkeşlərimizin yadında qalmışdı.
