5 iyun 2012 18:03
Galatasarayın yetirməsi Sumqayıtda! (FOTO)
“Sumqayıt” Türkiyənin “Sivasspor” klubunun yarımmüdafiəçisi Mohammed Ali Atamı heyətinə qatıb. Azerisport.az xəbər verir ki, orta sahə oyunçusu ən azı bir il müddətində Sumqayıt təmsilçisində icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, 24 yaşlı futbolçu 2005-ci ildə 17 yaşlılar arasında keçirilən Avropa çempionatında qızıl medallara sahib çıxıb. Bu uğuruna Türkiyə yığmasının heyətində imza atan futbolçu həmin dövrdə hazırda “Real”da çıxış edən Nuri Şahinlə birgə çıxış edirmiş ki, “ay-ulduzlular”ı da indi əsas milliyə rəhbərlik edən Abdullah Avcı çalışdırırmış.
Ali Atam “Galatasaray”ın yetirməsi hesab olunur. Amma son dövrlərə qədər o, “Sivasspor”da çıxış edib. Türkiyə U-17-də 13 oyun keçirməsinə baxmayaraq, sonradan millinin qapıları üzünə bağlanıb. “Sumqayıt” rəhbərliyi hələlik icarəyə götürdüyü futbolçu ümidləri doğruldacağı halda gələcəkdə tam olaraq rənglərinə bağlamağı da düşünür.
Atamın Azərbaycanla da bağlılığı var. Belə ki, onun babası Naxçıvandan Türkiyəyə getmədi. Bu üzdən gözləmək olar ki, bu futbolçu ümidləri doğruldacağı halda, o, millimizə də dəvət olunsun.
