6 iyun 2012 13:11
Azərbaycan yığması FİFA reytinqində gerilədi
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığması ötən ayla müqayisədə 3 pillə geriləyib.
Belə ki, ötən ay 109-cu olan yığmamız bu dəfə 112-ci pilləni tutub. Komandamızın aktivində 300 xal var. Bu isə hesabımızdan 5 xalın silinməsi deməkdi.
DÇ-2014-ün seçmə mərhələsində millimizlə birlikdə F qrupunda yer almış rəqiblərimiz də hamısı eyni aqibəti yaşayıblar. Belə ki, Portuqaliya 5 pillə geriləyib. Bu yığma hazırda 996 xalla 10-cudu. Rusiya yığması 2 pillə geriləyib - 975 xala 13-cü.
Daha böyük zərbəni İsrail alıb. Bu komanda 23 pillə geriləyib. Millimizin seçmə mərhələdəki ilk rəqibi indi 427 xalla 81-ci yerdədi. Şimali İrlandiya 3 pillə geriləyib - 336 xalla 103-cü. Lüksemburq isə 2 pillə geriləyib və 283 xalla 121-ci pillədədi.
Reytinq cədvəlinə həmişəki kimi 1456 xalla İspaniya başçılıq edir. Uruqvay bir pillə irəliləyərək, ikinci olub – 1292 xal. Geriləyən Almaniya isə 1288 xalla üçüncüdü. 1234 xala malik Hollandiya dördüncülüyünü qoruyub. Braziliya bir pillə irəliləyərək beşinci yerə çıxıb – 1155 xal. Elə İngiltərə (1145) və Argentina (1137) bir pillə irəliləyib – müvafiq olaraq altıncı və yeddinci yer. 1053 xala malik Xorvatiya səkkizinci pillədəki yerini qoruyub. 1 pillə irəliləyən Danimarka 1019 xalla doqquzuncudu. İlk onluğu Portuqaliya qapayır – 996 xal.
Növbəti reytinq cədvəli iyulun 4-də açıqlanacaq.
