6 iyun 2012 13:46
Ukrayna yığması şokda: 10 futbolçu zəhərləndi
Futbol üzrə Ukrayna yığması AÇ-2012-nin startına saatlar qalmış şok olayla üzləşib. Azerisport.az xəbər verir ki, qitə çempionatına ev sahibliyi edən ölkələrdən biri olan ukraynalıların düz 10 futbolçusu zəhərlənib.
Onların hamısının adları açıqlanmır. Lakin milli üzvlərinin yeməkdən zəhərləndiyi bildirilir. Bu üzdən həmin futbolçular dərhal xəstəxanaya götürülüblər. Hazırda onların səhhətinin normal olduğu xəbər verilir.
Ötən gün keçirilən Türkiyə ilə yoxlama matçından sonra bu şok olaya münasibətini açıqlayan baş məşqçi Oleq Bloxin bunları söyləyib: “Timoşukun durumu heç də yaxşı deyil. Voronin də zərərçəkənlər sırasındadı. Butko və Qarmaş rahatsız olsa da, meydana çıxdılar. Çünki onlar da oynamasaydı, matç təxirə salınmalı olacaqdı. Əhvalımız olduqca pisdi. Həkimlərin verəcəyi qərarı gözləyirik. Hamımız fərqli yeməklər yedik. Amma bunun necə baş verdiyini anlaya bilmədik. Qarşıda toparlanmaq üçün bir həftəmiz var”.
Qeyd edək ki, Ukrayna – Türkiyə matçı 2:0 hesabı ilə qardaş ölkə yığmasının xeyrinə başa çatmışdı.
