6 iyun 2012 17:11
“Özümü Azərbaycanda sübüt etmək istəyirəm”
"İnter"lə müqaviləsini daha bir il müddətinə yeniləyən Daniel Genov müsahibəsində başa çatmış mövsüm barədə danışıb, toplanışın gedişi haqqında söhbət açıb və komandanın Avroliqadaki şanslarını dəyərləndirib.
- Başa çatan mövsümü icarə əsasında "Simurq"un heyətində keçirmisiniz. Oyun təcrübəsi əldə etmək baxımından bu, sizin üçün çox böyük şans oldu. Yekunlaşan mövsümü və "Simurq"un heyətində göstərdiyiniz oyunları necə dəyərləndirə bilərsiniz?
- Mənim üçün mövsüm pis alınmadı. Georgi Çıxradzenin "Simurq"un baş məşqçi postuna gəlişindən sonra daha da yaxşı oynamağa başladım. Hiss edirdim ki, oyundan-oyuna daha çox artırıram. Ümumiyyətlə, artıq özümü "İnter"ə kömək edə biləcək gücdə sayıram.
- Çempionat başa çatandan sonra mətbuatda sizinlə Bolqarıstanın bir neçə klubunun maraqlanması haqqında məlumat yayıldı. Bilmək istərdik, doğrudan da belə təkliflər var idi?
- Bəli, elə söhbətlər həqiqətən də var idi. Bolqarıstanın CSKA, "Lokomotiv" (Sofiya) və digər bir klublar mənimlə əlaqə saxlamışdılar, lakin "İnter"in təklifi mənim üçün daha maraqlı idi. Etiraf edim ki, mən Azərbaycanda qalmaq istəyirdim.
- Maraqlıdır, Azərbaycanda qalmağı niyə doğma ölkəsinə qayıtmağdan daha üstün saydınız?
- Artıq 2 ildir ki, Azərbaycandayam. İki mövsüm burada canla-başla çalışıram. Özümü Azərbaycanda sübüt etmək istəyirəm. "İnter"ə kömək etməyi çox arzulayıram, bu komanda üçün fayda vermək və mənə inanan baş məşqçi Kaxaber Tsxadadzenin etimadını doğrultmaq üçün əlimdən gələni edəcəyəm.
- Hazırda "İnter"in heyətində Türkiyədəki təlim-məşq toplanışında iştirak edirsiniz. Toplanışın gedişi haqqında nə deyə bilərsiniz?
- Normal şəkildə məşq edirik. Hazırlıq öz axarıyla davam edir, heç bir gərginlik yoxdur. Biz rahat şəkildə toplanışı davam etdiririk.
- Uzunmüddətli istirahətdən sonra toplanışa başlamaq çətin olmadımı?
- Xeyr, heç bir çətinlik yoxdur. Demək istərdim ki, istirahətdə olduğum zamanda da mən hazırlıqları buraxmadım. Bu müddətdə formadan düşməmək üçün fərdi qaydada yüngül məşqlər edirdim.
- Qarşıda "İnter"i Avropa Liqasında çıxış gözləyir. Sizin fikirinizcə, komandamız bu yarışda özünü yaxşı tərəfdən göstərə biləcəkmi?
- Bunu etmək üçün biizim şanslarımız var. Avrokuboklara yaxşı hazırlaşmaq lazımdır. Komandamız yeni futbolçularla gücləndi və biz öz oyunumuzu Avropada da göstərmək istəyirik. İnanıram ki, çıxışımız uğurlu olacaq.
