7 iyun 2012 13:36
Erciyessporun yeni baş məşqçisi Amit Quluzadədən imtina etdi
Türkiyənin “Erciyesspor” klubu 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Amit Quluzadədən imtina edib. Azerisport.az xəbər verir ki, Kayseri təmsilçisinin yeni baş məşqçisi Osman Özköylü həmyerlimizi komandasında görmək istəməyib.
Qeyd edək ki, Amitin “Erciyesspor”la hələ daha bir illik müqaviləsi qalmaqdadı. Bu üzdən də klub rəhbərliyi onu transferə çıxarıb. Gənc futbolçu özünə yeni klub tapa bilməsə, növbəti mövsümdə “Erciyesspor”un əvəzedici heyətində çıxış etməli olacaq.
Maraq üçün bildirək ki, “Neftçi”nin yetirməsi olan Quluzadənin bir müddətdi ki, “Erciyesspor”dan ayrılacağı gündəmdə idi. Amitin karyerasını Azərbaycan və ya xarici klublarda davam etdirəcəyinə dair suallara isə qarşıdakı günlərdə aydınlıq gələcək.
