7 iyun 2012 14:06
Bakı Luis Enrike ilə müqavilə imzalayır
“Bakı” heyətinə yeni qapıçı qatmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, paytaxt kubu Kolumbiya yığmasının qapıçısı Luis Enrike Martineslə müqavilə imzalamağı planlaşdırır.
28 yaşlı qapıçıyla 1 illik rəsmi anlaşma haqda razılıq əldə olunub. Kolumbiyalı futbolçu gələn həftə Bakıya rəsmi anlaşma imzalamağa gələcək. Onun daşıdığı “Neko” ləqəbi doğulduğu şəhərin adı ilə bağlıdı.
Martines 2010-cu ildən vətənində – “Once Caldas” klubunda çıxış edir. O, bu komandada 38 oyuna çıxıb. Enrike 2006-2009-cu illərdə Türkiyənin “Sakaryaspor” klubunda oynayıb və qardaş ölkədə 43 oyun keçirib. 2007-2008 mövsümündə “Manisaspor”a icarəyə verilən futbolçu vətənində “Independiente Santa Fe” klubunun da şərəfini qoruyub.
Luis Enrike 2003-cü ildən bəri Kolumbiya yığmasında 14 oyun keçirib və 1 qol vurub. Bu 2006-cı ilin 30 mayında Polşa ilə keçirilən yoldaşlıq oyununa təsadüf edib. Qolkiperin öz cərimə meydanından vurduğu zərbəni “Manchester United”də oynayan polşalı qapıçı Tomaş Kuşçak dəf edə bilməyib.
