8 iyun 2012 12:36
AFFA-nın baş katibi: Onlar ən sərt şəkildə cəzalandırılacaqlar
İyunun 7-də AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da “Neftçi” və “Bakı” komandaları arasında U-15 Liqasının final oyunu keçirilib. Azerisport.az xəbər verir ki, “Neftçi”nin 1:0 hesablı qələbəsi ilə başa çatmış oyundan sonra hər iki klubun futbolçuları, inzibati işçiləri və bəzi rəhbər şəxslərinin iştirakı ilə kütləvi dava-dalaş baş verib.
Hadisə ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədov saytımıza açıqlama verib: “U-15 Liqanın final oyunundan sonra baş vermiş hadisələri kəskin şəkildə pisləyir və bunları futbola, idman prinsiplərinə qəti şəkildə yaraşmayan əməllər kimi dəyərləndirirəm. “Neftçi” və “Bakı” klubları arasında baş vermiş dava-dalaşda iştirak etmiş, günahkar olan futbolçular, inzibati işçilər və rəhbər şəxslərin hər biri AFFA-nın İntizam Komitəsi tərəfindən İntizam qaydalarının tələbləri çərçivəsində ən sərt şəkildə cəzalandırılacaqlar”.
