11 iyun 2012 16:14
Bakı yeni transferini təqdim etdi (FOTO)
"Bakı" futbol klubu yeni futbolçusunu təqdim edib. Azerisport.az xəbər verir ki, komandanın yeni oyunçusu Edemir Rodriqes Boliviya milli komandasının şərəfini qoruyur. 27 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Rodriqes 1984-cü ilin 21 oktyabr tarixində anadan olub. 2004-cü ildən etibarən Boliviyanın "Real Potisi" və "Bolivar" klublarında çıxış edib. Boyu 175 sm, çəkisi 69 kiloqramdır. Boliviya milli komandasının heyətində 12 oyun keçirib, 1 qol vurub.
Edemir Rodriqes bu gün komandanın səhər məşqinə qatılıb. Cənubi Amerikalı futbolçu "Bakı" futbol klubunun internet televiziyasına ilk müsahibəsində fikirlərini belə ifadə edib:
"Azərbaycandakı futbol həyatı mənim karyeramda yeni bir təcrübə olacaq. Əsas heyətə düşüb, Avroliqada komandama kömək etmək üçün üzərində çox işləməliyəm.
Çox şadam ki, "Bakı" kimi böyük bir klubun formasını geyəcəyəm. Mən yeni oyunçuyam. Təbii ki, əsas heyətdə yerim təmin olunmayıb. Bunun məsuliyyətini anlayıram, çalışacağam ki, baş məşqçimizin etimadını qazanıb, komandama xeyir verim. İnanıram ki, "Bakı"ya faydalı olacağam”.
