12 iyun 2012 18:24
“Növbəti mövsüm üçün olduqca döyüşkən heyət qurmuşuq”
Xəbər verdiyimiz kimi, ötən mövsümün birinci dövrəsindən sonra futbolçu karyerasını başa vuran Aqil Məmmədov 2012/2013 mövsümündən etibarən “Sumqayıt”da baş məşqçi Bernard Raabın köməkçisi kimi çalışacaq. Azerisport.az xəbər verir ki, o, bu münasibətlə klubun rəsmi saytına açıqlama verib:
“Növbəti mövsümdən etibarən əsas komandada Bernard Raabın köməkçisi kimi fəaliyyətimi davam etdirəcəyəm. Əsas məqsədimiz “Sumqayıt” Futbol Klubunu daha üst pillələrə daşımaq olacaq. Növbəti mövsüm üçün olduqca döyüşkən heyət qurmuşuq. Gənclərlə təcrübəli futbolçuların tandemi xeyir verəcək. Artıq komandanın heyətində Samir Abasovdan başqa, Aftandil Hacıyev və Ceyhun Sultanov kimi təcrübəli futbolçular yer alır. Fərid Quliyev, Sabir Allahquliyev və Emin Cəfərquliyev də komandamıza xeyir verəcək. Növbəti mövsüm “Sumqayıt” bütün komandalarla başabaş mübarizə aparacaq. Sonda klubun rəhbərliyinə məni bu vəzifəyə dəvət etdiklərinə görə minnətdarlığımı bildirirəm”.
