13 iyun 2012 01:53
UEFA Xorvatiyaya da cəza verəcək
UEFA AÇ-2012-də iştirak edən daha bir ölkəyə qarşı inzibati iş qaldırılacaq. Azerisport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, qitə futbol qurumunun müvafiq orqanları Xorvatiya Futbol Federasiyasını cəzalandıra bilər. Buna səbəb xorvatların İrlandiyaya qarşı ilk oyunları zamanı azarkeşlərin Poznanda iğtişaşlar yaratmasıdı.
Qeyd edək ki, xorvat azarkeşlər komandalarının 3:1 hesabıyla qələbə qazandıqları oyunun gedişi zamanı meydana yandırıcı maddələr, eləcə də digər kənar əşyalar atmışdılar. Bu azmış kimi, bir xorvat azarkeş meydana da çıxmışdı.
UEFA-nın intizam nəzarəti instansiyasının bu məsələ ilə bağlı iclası iyunun 15-də keçiriləcək. Qitə futbol qurumu bundan bundan öncə Rusiya yığmasının azarkeşlərinin Çexiya ilə oyundan sonra stadion işçiləri ilə dalaşması ilə əlaqədar araşdırmalara başladığını bəyan etmişdi. Bundan əlavə B qrupunda Almaniya və Portuqaliya yığmaları arasında Lvovda keçirilən matç zamanı baş vermiş insidentlərlə əlaqədar bu iki ölkə federasiyasını da cəza gözləyir.
