14 iyun 2012 15:53
Şəfa stadionu da təmirə bağlandı
Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatı ilə əlaqədar daha bir stadionumuzda təmir və yenidənqurma işlərinə start verilib. Azerisport.az xəbər verir ki, mundialın bəzi oyunlarına ev sahibliyi edəcək “Şəfa” stadionu da təmirə bağlanılıb.
Belə ki, arenanın əsas meydançasının qazonu dəyişdirilir. Məlum olduğu kimi, “Şəfa”nın qazonu süni idi. Lakin onu indi yeni və təbii örtüyə dəyişirlər. “İnter”in mətbuat xidmətindən aldığımız məlumata görə, yaxın bir ay ərzində qazon yenilənəcək. Eyni zamanda “Şəfa”nın oturacaqlarının da yenilənməsi planlaşdırılır.
Bütün işlərin sentyabra qədər yekunlaşması nəzərdə tutulub. İşlər tamamlandıqdan sonra FİFA-nın müvafiq orqanları arenanı yoxlayacaq və lisenziya verəcək. “Şəfa”ya bu lisenziya veriləcəyi halda “İnter” də avrokubok oyunlarını doğma arenada keçirə biləcək.
