16 iyun 2012 02:00
Premyer Liqa klubunda yeni baş məşqçi
Futbol üzrə Premyer Liqasında çıxış edən “Swansea” klubu yeni baş məşqçisinin adını açıqlayıb. Azerisport.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Mixael Laudrup çalışdıracaq.
Qeyd edək ki, bu komandaya son mövsümdə Brendan Rocers rəhbərlik edirdi. Lakin bir müddət öncə daha imkanlı “Liverpool” klubu bu mütəxəssisi öz sükanı arxasına keçirdi. Bu üzdən də “Swansea” yeni baş məşqçi axtarışına çıxmışdı. Axtarışların yekununda daha münasib seçim kimi Laudrup fərqləndirilib.
Klubun rəsmi saytı vasitəsilə yayılan xəbərdə bildirilir ki, danimarkalı çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb. 2000-2002-ci illər arasında Danimarka millisində köməkçi məşqçi kimi çalışan mütəxəssis 2002-2006-cı illərdə “Brondbü” klubuna başçılıq edib. 2006-07 mövsümündə o, İspaniyanın “Getafe” komandası ilə özündən söz etdirib. Daha sonra o, Moskva “Spartak”ı və “Mallorca”da da çalışıb.
