19 iyun 2012 17:45
Sadıq Sadıqov: O, gözəl oyunu ilə komandamızın qələbələrində pay sahibi olacaq
Xəbər verdiyimiz kimi, Azərbaycan çempionu "Neftçi" PFK növbəti transferini həyata keçirib. Azerisport.az xəbər verir ki, “ağ-qaralar” braziliyalı futbolçu Bruno Bertuççini heyətə qatıb.
Bu gün komandanın məskunlaşdığı Bolu şəhərində "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqovun iştirakı ilə rəsmi imzalanma mərasimi baş tutub.
Tədbirdə çıxış edən Sadıq Sadıqov 22 yaşlı futbolçuya uğurlar arzulayıb: "Bizim əsas məqsədimiz Azərbaycan futbolunun inkişafına töhfə verməkdi. Buna görə də "Neftçi"yə hər zaman yalnız səviyyəli legionerlər cəlb etməyə çalışırıq. Bruno Bertuççi Braziliyanın U-20 komandasında oynayıb, gənc olmasına baxmayaraq Avropa təcrübəsi görüb. İnanıram ki, o gözəl oyunu ilə komandamızın qələbələrində pay sahibi olacaq”.
Daha sonra "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov yeni transfer Bruno Bertuççiyə 16 nömrəli futbolkanı təqdim edib.
