19 iyun 2012 00:11
Simurq daha bir futbolçu ilə yollarını ayırıb, ikisi ilə anlaşdı
"Simurq" Peşəkar Futbol Klubu daha bir transferi rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, geridə qalan mövsümün ikinci dövrəsindən icarə əsasında bu komandanın formasını geyinən Ruslan Poladovla bir illik müqavilə imzalanıb.
Təcrübəli futbolçu uzun danışıqlardan sonra rəsmi şəkildə "Simurq"un heyətinə qatılıb. Qış transfer pəncərəsində "İnter"dən icarə əsasında heyətə qatılan Poladov ötən mövsüm 14 qarşılaşmada forma geyinib və bir dəfə rəqib qapıçısını məyus edib.
Hazırda növbəti mövsümə hazırlıqları davam etdirən "Simurq" müqaviləsinin müddəti başa çatdığına görə komandadan ayrılan gənc futbolçu Rəşad Eyyubovla da artıq ilkin razılığa gəlib. Onunlada bu həftə ərzində rəsmi müqavilə imzalanacaq.
Bu arada "Simurq" daha bir futbolçu ilə də yollarını ayırıb. 2011-ci ildən Zaqatala təmsilçisinin formasını geyinən Ruhid Usubov ilə komanda arasındakı müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Klub rəhbərliyi ötən mövsüm "Simurq"un uğurları üçün mübarizə aparan və artıq klubla yollarını ayıran gənc futbolçuya təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
