20 iyun 2012 18:28
Neftçi çilili hücumçu ilə razılığa gəldi (FOTO)
Azərbaycan çempionu “Neftçi” heyətinə daha bir futbolçu qatıb. Azerisport.az xəbər verir ki, “ağ-qaralar” hücumçu Nikolas Kanaleslə güclənib.
Bu barədə Çili mətbuatı xəbər yayıb. Məlumatda bildirilir ki, artıq paytaxt klubu çilili forvardla müqavilə ilə bağlı razılığa gəlib.
27 yaşlı hücumçu özü də açıqlamasında növbəti mövsümdən “Neftçi”də çıxış edəcəyini təsdiqləyib: “Cümə və ya şənbə günü Türkiyəyə yola düşəcəyəm. Yeni komandamın hazırlıqlarına da Türkiyə toplanışında qoşulacağam”.
Qeyd edək ki, Kanales peşəkar karyerasına 2004–2005 mövsümündə “Universidad de Chile” klubunda başlayıb. O, burda 16 oyuna 1 qol vura bilib. 2005–2007-ci illərdə “Benfica”ya transfer olunan çilili forvard öncə bu komandanın əvəzedici heyətində 13 oyun keçirib və 5 qol vurub. Həmin dövrdə Kanales icarə əsasında “Gondomar”da da çıxış edib və 9 oyuna 5 qolla yadda qalıb.
2007–ci ildə Rumıniyanın “CFR Cluj” klubuna transfer olunan “Neftçi”nin yeni forvardı burda cəmi 1 oyun keçirib. 2008-ci ildə “Union Espanola”ya icarəyə verilən (18 oyun, 3 qol) Kanales 2009-cu ildə də “Cobresal”ın şərəfini qoruyub (23 oyun, 13 qol). 2010–cu ildən etibarən isə o, “Palestino”da çıxış edir. Kanales son klubunda indiyə qədər 61 oyun keçirib və 32 qol vurub.
