21 iyun 2012 16:32
Bakı daha bir yığma üzvü aldı (FOTO)
Avropa Liqasına hazırlıqlarını davam etdirən “Bakı” daha bir futbolçunun keçidini demək olar ki, həll edib. Azerisport.az xəbər verir ki, paytaxt klubu Kosta Rika yığmasının yarımmüdafiəçisi Karlos Ernandesi heyətinə qatmaq üzrədi.
“Zolaqlılar” orta sahə oyunçusu ilə bir illik müqavilə bağlamağa hazırlaşır. Tezliklə bu transferin rəsmi həllini tapması gözlənilir.
Qeyd edək ki, Ernandes 1982-ci ildə anadan olub. 2001-ci ildən “LD Alajuelense” klubunda forma geyən futbolçu bu komandada 82 oyuna 19 qol vurub. 2007-2009-cu illərdə isə o, icarə əsasında “Melbourne Victory” komandasında icarə əsasında çıxış edib və 41 oyunda 8 dəfə fərqlənib.
2009–cu ildə isə “Melbourne Victory” onun transfer hüquqlarını tam ələ keçirib. 2009/12 mövsümlərində o, son klubunda 80 oyuna çıxıb və 28 qola imza atıb.
30 yaşlı futbolçu Kosta Rika yığmasının üzvüdü. O, 2004-cü ildən etibarən dəvət aldığı millidə 35 oyun keçirib, 7 qol vurub. O, Kosta Rikanın 20 və 23 yaşadək yığmalarında da xeyli oyun keçirib.
