21 iyun 2012 22:58
Neftçi ilk oyununda darmadağınla üzləşdi
Hazırlığını Türkiyənin Bolu şəhərində davam etdirən "Neftçi" bu gün ilk yoxlama matçını keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu bu mövsüm Rusiya Premyer Liqasına vəsiqə qazanmış "Mordoviya" klubu ilə qarşılaşıb.
Qarşılaşma Rusiya klubunun böyük hesablı qələbəsi ilə başa çatıb. Belə ki, birinci divizionun çempionu “ağ-qaralar”ın qapısından 4 cavabsız qol keçirib.
Baş məşqçi Böyükağa Hacıyev ilk dəqiqələrdən aşağıdakı heyətə üstünlük verib: Rauf Mehdiyev, Rail Məlikov, Elvin Yunuszadə, İqor Mitreski, Bruno Bertuççi, Mirhüseyn Seyidov, Rəşad Sadiqov, Julius Vobay, Araz Abdullayev, Flavinyo, Borçe Manevski.
Fasilədən sonra Hacıyev bir sıra dəyişikliklərə əl atıb. Ruslar məhz bundan sonra “Neftçi”nin qapısından dörd cavabsız top keçirməyə nail olublar. Beləcə, “ağ-qaralar” ilk sınaq matçından məğlubiyyətlə ayrılıblar.
Maraq üçün bildirək ki, “Neftçi” – “Mordoviya” oyunundan öncə bu komandaların əvəzedici heyətləri də üz-üzə gəliblər. Həmin oyunda da ruslar üstün olublar – 2:0.
