21 iyun 2012 12:42
Gürcüstan yığmasının üzvü Bakıya keçir
“Bakı” növbəti transferini reallaşdırmaq üzrədi. Azerisport.az xəbər verir ki, “zolaqlılar” bu dəfə gürcü Georgi Popxadzenin transferi ilə bağlı razılığa gəlib.
Paytaxt klubu 26 yaşlı sol cinah müdafiəçisi ilə bütün məsələləri razılaşdırıb. Rəsmi müqavilənin yaxın günlərdə imzalanması gözlənilir.
Qeyd edək ki, Popxadze 1986-ci ildə Tiflisdə dünyaya gəlib. Sentyabrın 25-də 26 yaşını qeyd edəcək müdafiəçi karyerasına şəhərin eyniadlı klubunda başlayıb (2003-2006, 26 oyun, 2 qol). 2006-cı ildə Yunanıstan “Olimpiakos”una icarəyə verilən futbolçu 2006-2010-cu illərdə Danimarkanın “Vilborq” klubunda çıxış edib (74 oyun). 2011-ci ildə vətəninə dönüb “Zestafoni”də 6 oyun keçirən Popxadze ardınca Avstriyanın “Şturm” klubuna keçib – 15 oyun.
Popxadze Gürcüstan yığmasının üzvüdü. 2006-2008-ci illərdə U-21-də 15 oyun keçirən müdafiəçi 2006-dan sonra 8 dəfə əsas millidə çıxış edib.
