22 iyun 2012 21:37
Simurq heyətinə daha bir futbolçu qatıb, Kramarenko ilə müqaviləni yenilədi
"Simurq" Peşəkar Futbol Klubu daha bir futbolçu ilə birillik razılığa gəlib. Azerisport.az xəbər verir ki, Zaqatala klubu ötən mövsüm qış "transfer pəncərəsi"ndə "İnter"dən icarə əsasında heyətinə qatdığı təcrübəli qapıçı Dmitri Kramarenko ilə rəsmi müqavilə imzalayıb.
2011-2012-ci il mövsümündə 14 qarşılaşmada "Simurq"un şərəfini qoruyan Dima növbəti futbol ilində də bu komandanın formasını geyinəcək.
Bundan əlavə ötən mövsüm "Simurq"un əvəzedici heyətində uğurlu çıxış edərək baş məşqçi Georgi Çixradzenin diqqətini cəlb edən Qafar Qafarov əsas komandaya cəlb olunub. Gənc hücumçu ilə birillik müqavilə imzalanıb. Qeyd edək ki, Qax futbol məktəbinin yetirməsi 2011-2012-ci il mövsümündə əvəzedici heyətlərin Azərbaycan çempionatında Orxan Səfiyaroğludan sonra 14 qolla ən sərrast futbolçu olub.
Zaqatala təmsilçisi artıq sabah səhər saatlarında Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. Komanda iyulun 6-na qədər Kartəpədə hazırlıq prosesi keçəcək.
