22 iyun 2012 11:44
Turan yaşayacaq?
Azərbaycanın ən köklü klublarından, bütün çempionatların iştirakçısı olan üç komandadan biri, 1994-cü ildə ölkə çempionu olmuş “Turan”ın başının üzərini yenə qara buludlar alıb. Azerisport.az xəbər verir ki, yeni mövsümün startına ay yarımdan da az vaxt qalmasına rəğmən, komanda hələ də istirahətdən qayıtmayıb, yeni mövsüm üçün planlar qurulmayıb.
Ötən mövsümün yekunlarına görə, birinci diviziondan gələn klubla pley-off matçına çıxmalı olan Tovuz klubu son anda bundan azad oldu və yenidən elitada qalacağı dəqiqləşdi. Lakin “Turan” kimi eyni sevinci yaşayan “Sumqayıt” artıq növbəti mövsümün hazırlıqlarına start verib, transferlər həyata keçirir. Amma bölgə klubunda susqunluq davam edir və bu gedişlə komandanın aqibətinin necə olacağı narahatlıq doğurmaya bilmir.
Belə təəssürat yaranmaqdadı ki, Tovuzda komandaya sponsorluq etmək istəyən yoxdu. Onları günahlandıran da yoxdu. Çünki vaxtilə bu kluba pul qoyan şəxslərin hazırda demək olar ki, hamısı futboldan kənarlaşıblar. Bu üzdən də Rəşad Sadıqov, Elvin Məmmədov, Cavid Hüseynov kimi futbolçular yetişdirmiş bir komanda hazırda dağılmaq təhlükəsi ilə üz-üzədi.
Əslində “Turan”dakı maliyyə problemləri bir neçə ildi var. Lakin son mövsümün gedişində də olduğu kimi, hər dəfə bir xilasedici tapılırdı və komandanın yaşamasına kömək edirdi. İndi isə həmin “ağ atlı oğlan” da yoxdu və beləsinin tapılıb-tapılmayacağı ən çox maraq doğuran məqamlardan biridi.
Komandanın baş məşqçisi Əsgər Abdullayev də hazırda qeyri-müəyyənlik içindədi: “Komanda hələ də toplaşmayıb. Necə olacağı məlum deyil. Ola bilər bilər ki, mənim əvəzimə başqası təyin olsunsun. Buna təəccüblənmərəm də. Futbolçulara gəlincə, onların da bəziləri ilə müqavilə var. Yeni futbolçularla danışıqlar aparmağa gəlincə, bunu yalnız iyul ayında etmək olar. Çünki hələ klubun büdcəsinin, komandanın hədəflərinin necə olacağı məlum deyil. Bəzi futbolçuların başqa klublara gedişi problem deyil. Əsas məsələ odu ki, “Turan” çıxışını davam etdirsin”.
“İyunun sonunda Tovuzda klubun prezidenti Yaşar İbrahimovla görüşəcəyəm. Yaxınlarda telefonla danışmışdıq. O, bildirmişdi ki, heç bir problem olmayacaq. Komandada hər cür şərait yaradılacaq”.
