24 iyun 2012 01:47
“Azarkeşlərimizə gözəl qələbələr bəxş edəcəyik”
Bu günlərdə “Simurq” daha bir futbolçusunun müqaviləsinin müddətini artırdı. Azerisport.az xəbər verir ki, komanda yaranan gündən Zaqatala təmsilçinin formasını geyinən Rüstəm Məmmədov növbəti mövsümdə yenə “sarı-qaralar”ın uğurları üçün tər tökəcək. Məmmədov yeni müqaviləsi və növbəti mövsümlə bağlı fikirlərini klubun rəsmi saytına bildirib.
- Rüstəm, “Simurq”la müqaviləni daha bir il müddətinə artırıdın. İlk təəssüratların necədi?
- Əlbəttə, komandamda qaldığıma görə çox sevinirəm. “Simurq” mənim doğma klubumdu. Peşəkar futbolçu kimi bu klubda karyerama başlamışam. Artıq 8-ci mövsüm olacaq ki mən, “Simurq”un formasını geyinəcəm. Rəhbərliyə də təşəkkür edirəm ki, məni komandada saxladılar. Həm bir zaqatalalı, həm də bir futbolçu kimi inanıram ki, doğma şəhərimin təmsilçisinin uğurları üçün var gücümlə çalışacam.
- “Simurq”da ötən illərlə müqayisədə hansı dəyişiklikər var?
- İldən ilə bu komandada inkişafın getdiyi çox yaxşı hiss olunur. Xüsusən də, növbəti mövsüm üçün “Simurq”un qarşısına böyük məqsədlər qoyulub və bunun üçün də klubda planlı işlərin getdiyini açıq-aydın hiss etmək olar. Rəhbərlik futbolçular üçün daha əlverişli şərait yaradır. Komandanın başında təcrübəli məşqçilər heyəti var. İnanıram ki, bütün bu işlərin nəticəsi kimi “Simurq” növbəti mövsümün sonunda qarşısına qoyduğu məqsədə çatacaq.
- Ötən mövsümü özün üçün necə dəyərləndirərsən?
- O qədər də uğurlu futbol mövsümü keçirmədim. Bir çox oyunlarda ehtiyatda oturdum. İndi isə öz üzərimdə çox çalışıram. Bu baxımdan hazırda məşqlərdə çox işləyirəm ki, əsas heyətə düşə bilim və məşqçilər korpusunun mənə olan ümidlərini doğruldum.
- Əvvəllər yarımmüdafiədə oynayırdın. İndi isə müdafiə xəttində mübarizə aparırsan. İndiki ampulada çıxış etmək çətin deyil?
- Düz qeyd edirsiz. Ancaq müdafiədə artıq uzun müddətdi oynayıram. Bu səbəbdən də arxa xəttə artıq uyğunlaşmışam və bu mövqedə oynamaq mənə daha rahatdı.
- Artıq təlim-məşq toplanışının ikinci mərhələsi başlayıb. Bakıda təşkil olunan hazırlıq prosesi necə keçdi?
- Yaxşı keçdi. Məşqçilər korpusu əsasən bizim fiziki durumumuzun hansı səviyyədə olduğunu və onu yaxşılaşdırmaq üçün çalışdılar. Tapşırıqların da əksəriyyəti bu istiqamətdə idi. Yəqin ki, Türkiyədəki məşqlərimiz bundan daha ağır olacaq. Üstəlik 3 yoldaşlıq görüşü də keçirəcəyik. Burada bizə yeni legioner futbolçular qoşulacaq.
- Komandadan ayrılan və yeni gələn oyunçular haqqında nələr deyə bilərsən?
- Əvvəlcə “Simurq”la yolları ayrılan keçmiş komanda yoldaşlarıma gələcək karyeralarında uğurlar arzulayıram. Hələ ki, yeni transfer olunanların əksəriyyəti ötən mövsüm bizdə icarə əsasında forma geyinən futbolçulardı. Baxışa gələn yerli oyunçular da demək olar ki, gənc və istedadlı futbolçulardı. Kartepedə legionerlər də bizə qoşulmalıdı. İnanıram ki, komanda rəhbərliyi və baş məşqçi “Simurq”a uğur gətirə biləcək futbolçuları transfer edəcək.
- Növbəti mövsümdən gözləntilərin nədi?
- İnanıram ki, “Simurq” üçün yeni futbol ili uğurlu olacaq. Komandaya həm azarkeşlər, həm də rəhbərlik böyük ümidlər bəsləyir. İnşallah biz də üzərimizə düşən işi layiqincə görüb, azarkeşlərimizə əla futbolla gözəl qələbələr bəxş edəcəyik.
