24 iyun 2012 15:18
“Azərbaycan futbolunun əsl qiymətini avrokuboklar göstərəcək”
Azərbaycan futbolunun veteranı, Regional Futbol Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin İsgəndər Cavadov azerisport.az saytına müsahibəsində klublarımızın avrokuboklara hazırlıqlarından, şanslarından danışıb.
Cavadov bildirib ki, klublarımızın hazırda yoxlama oyunlarındakı məğlubiyyətləri onun üçün o qədər də vacib rol oynamır: “Bu oyunlar məşqçilərə lazımdı ki, yeni futbolçuları sınaqdan keçirsinlər, komandanın oyununu görsünlər. Bu oyunları qazana da bilərlər, uduza da. Amma bu, o qədər də vacib deyil. Məni daha çox klublarımızın transferləri narahat edir. Onlar hamısı avrokuboklarda özlərini göstərməlidilər. Çempionat barədə düşünmək hələ tezdi”.
Veteran futbolçu potensial rəqiblərdən danışarkən bunları vurğulayıb: “Bilirəm ki, potensial rəqiblər arasında zəif komandalar da var. Buna görə də klublarımız yalnız birinci mərhələni keçmək haqda düşünməməlidilər. Artıq daha yüksək hədəflər barədə düşünmək, daha çox mərhələ keçmək lazımdı. Düzdü, indi bizim Avropa Liqasının qrup mərhələsinə düşməyimiz real deyil. Çempionlar Liqası barədə ümumiyyətlə susmağı üstün tuturam. Üçüncü təsnifat mərhələsindən başlayaraq Avropanın orta səviyyəli klubları da mübarizəyə başlayırlar ki, bizim klublara onlarla rəqabət aparmaq çox çətindi. Klublarımızın bu tempə nə dərəcədə hazır olduğunu bilmirəm. Məhz avrokubokların nəticəsinə əsasən futbolumuzun əsl qiymətini görəcəyik”.
Cavadov Polşa və Ukraynada keçirilən AÇ-2012-yə yaxşı başlayan, lakin Yunanıstana məğlub olaraq turnirlə vidalaşan Rusiya yığmasındakı qalmaqaldan da danışıb. DÇ-2014-ün seçmə mərhələsində millimizin rəqibi olan rusların kapitanı Andrey Arşavinin azarkeşlərlə söhbətində işlətdiyi ifadələr böyük əks-səda doğurdu. Bəs görəsən, futbolumuzun veteranı həmin olaylara necə münasibət bəsləyir?
“Rusiyada futbol populyardı. Aydın məsələdi ki, xalq yığma komandanı dəstəkləyir. Amma onlar komandanın AÇ-dəki çıxışından narazı qaldılar. Çünki onların qrupdan çıxmaq üçün yaxşı şansları olduğu halda, bundan yararlana bilmədilər. Ona görə də azarkeşləri başa düşmək lazımdı. Arşavinin açıqlamalarını anlamaq olmur. O, özünü belə aparmamalı idi. Görünür, Arşavin artıq “ulduz xəstəliyi”nə tutulub. Amma şəxsən mən onu ulduz hesab etmirəm. Bu, hər halda mənim fikrimdi və mümkündü ki, kimlərsə mənimlə razılaşmasın”.

Lakin Cavadov Arşavinə də müəyyən qədər haqq qazandırdığını gizlətmir: “Aydın məsələdi ki, hamı kimi Arşavin də uğursuzluğa görə məyusdu. Heç kim belə sonluq gözləmirdi. Fikrimcə, bəzi futbolçular yığmanı klubdakı qədər vacib saymır. Çünki onlar qazandıqları pulu məhz klublarından alırlar. Arşavin də daxil olmaqla bütün futbolçular yığma komandada oynamağın məsuliyyətini dərk etməlidilər. Onun azarkeşlərə kəskin danışmasına da AÇ-dəki uğursuzluqdan sonrakı məyusluğun səbəb olması istisna deyil”.