26 iyun 2012 13:47
Xəzər Lənkəranın Nomme Kalju ilə matçının vaxtı dəyişdi
“Xəzər Lənkəran”ın Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi “Nomme Kalju” ilə cavab matçının keçirilmə vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, əslində ilkin təsnifat mərhələsinin bütün cavab görüşləri iyulun 12-də keçirilməli idi.
Lakin Estoniya təmsilçisi komandamızı həmin gün yox, iyulun 10-da qəbul edəcək. Buna səbəb Tallin klubunun ev oyunlarını keçirilməli olduğu “Le Koq Arena”da həmin gün başqa görüşün keçirilməsidi. Məsələ burasındadı ki, ayın 12-də Estoniyanın 19 yaşlı qızlardan ibarət yığmasının Avropa çempionatının seçmə mərhələ oyununa çıxmalıdı. Bu üzdən də “Kalju” özünə belə çıxış yolu tapıb ki, “Xəzər Lənkəran”la görüş iki gün öncəyə çəkilsin.
Qeyd edək ki, “Xəzər Lənkəran”la “Nomme Kalju”nun ilk oyunu iyulun 5-də Lənkəranda baş tutacaq.
