26 iyun 2012 01:57
Avroliqadakı klublarımızın rəqiblərini yaxından tanıyaq
Ötən gün İsveçrənin Nyon şəhərində 2012/2013 mövsümü üçün UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin püşkatması keçirildi. Azerisport.az xəbər verir ki, birinci mərhələdən mübarizəyə start verəcək "Xəzər Lənkəran", “İnter” və “Bakı”nın rəqibi müvafiq olaraq Estoniyanın "Nomme Kalju", “Trans” və Sloveniyanın “Mura” klubları oldu.
Nomme Kalju
Paytaxt Tallinin Nomme rayonunun təmsilçisi olan "Nomme Kalju" "Meistriliiga" adlanan Estoniyanın yüksək liqasında son mövsümdə ikinci yeri tutub. Bu, klub tarixində çempionatda göstərdiyi ən uğurlu nəticədi. Yaranma tarixi 1923-cü il olan və 1997-ci ildə yenidən bərpa olunan bu komanda 10 il ərzində ölkənin aşağı divizionlarında çıxış edərək, nəhayət 2008-cü ildə elitaya vəsiqə qazanmağa müvəffəq olub. 2009-cu ildə "Nomme Kalju" Estoniya kubokunun finalına qədər irəliləyib.
Bu mövsüm komanda özünün üçüncü Avropa Liqası kampaniyasını keçirəcək. 2009/2010-cu ildə "Nomme Kalju"nun rəqibi Latviyanın "Dinaburq", 2011/2012 mövsümündə isə Finlyandiyanın "Honka" klubları olub. Hər iki halda Estoniya klubu ilk mərhələdə mübarizəni dayandırıb.
“Nomme Kalyu” ev oyunlarını Tallindəki 5 min azarkeş tutumlu “Kadrioru” stadionunda keçirir. Komandanın baş məşqçisi İqor Prinsdi. 45 yaşlı mütəxəssis 2008-2010-cu illərdə Estoniyanın “Levadiya” klubunu çalışdırıb. Klubun prezidenti isə Kuno Tehvadı.
“Nomme Kalyu” indiyədək avrokuboklarda iki dəfə iştirak edib. 2009-2010 mövsümündə Avropa Liqasının birinci təsnifat mərhələsində Latviyanın “Dinaburq” klubuna uduzan komanda mövbəti mövsümdə Finlandiya “Honka”sına yenilib.
Komandanın heyətində 7 legioner var: Marko Bianki, Damiano Quyntieri (İtaliya), Hideaki Takeda, Hidetoşi Vakuy (Yaponiya), Xorxe Rodriqes (Portuqaliya), Yankuba Ceesay (Qambia), Martin Zomerski (Polşa). “Nomme Kalju”nun heyətində vaxtilə "Xəzər Lənkəran" formasını geyinmiş oyunçu da var. Bu, estoniyalı müdafiəçi Tixon Şişovdu.
Qeyd edək ki, Estoniyada çempionat mart ayında başlayır və noyabr ayında bitir. Hazırda 16 turdan sonra ehtiyatda bir oyunu olan "Kalyu" turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Komandanın aktivində 13 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət var. Komandanın hücumçusu Tramo Neemelo isə hazırda 10 qolla ölkə çempionatının bombardiridi.
Trans
Estoniyanın daha bir komandası ilə bürünc mükafatçımız “İnter” görüşəcək. Bu, Narva şəhərini təmsil edən “Trans” klubudu. “Trans” 1979-cu ildə təsis edilib. Klubun prezidenti Nikolay Burdakov, baş məşqçisi Aleksey Yaqudindi. Komanda ev oyunlarını Narva şəhərindəki 3 min azarkeş tutumlu “Xreenholmi” stadionunda keçirir.
“Trans” ən yüksək nailiyyəti 2006-cı ildə ölkə çempionatında gümüş medal qazanması olub. Ötən mövsüm Estoniya çempionatının bürünc medallarını qazanan “Trans” 1995, 2005, 2008 və 2010-cu illərdə də bu uğura imza atıb. 2006-cı ildə gümüş medallara sahib çıxan komanda 1994, 2007 və 2011-ci illərdə ölkə kubokunun finalında oynayıb.
“Trans” 1996, 1998, 1999, 2000, 2003, 2004, 2005, 2006 və 2008-ci illərdə UEFA İntertoto, 2001, 2007, 2009, 2010 və 2011-ci illərdə Avropa Liqasında (UEFA Kuboku) çıxış edib. İntertoto Kubokundakı 18 oyundan 1-də qələbə qazanıb, 1-də heç-heçə edən komandanın Avropa Liqasında cəmi 1 qələbəsi var.
“Trans”in heyətində Kamerun, Rusiya, Latviya və Fil Dişi Sahilindən futbolçular çıxış edir. Komanda hazırda 16 turdan sonra keçirdiyi 13 oyuna qazanılan 15 xalla 5-ci yerdə qərarlaşıb və ehtiyatda 3 oyunu var. 13 qol vuran “Trans” qapısından 17 top buraxıb.
Mura
“Bakı” isə birinci təsnifat mərhələsində Sloveniyanın “Mura” klubu ilə qarşılaşacaq. Azərbaycan kubokunun sahibi cəmi 3 gün öncə bu komanda ilə yoldaşlıq oyununda üz-üzə gəlib və 4:0 hesabı ilə qalib gəlib.
“Mura” 1924-cü ildə təsis olunub. 3 dəfə Sloveniya çempionatının gümüş medalçısı, Sloveniya kuboku və superkubokunun qalibi olub.
Komanda ev oyunlarını Murska Sobota şəhərindəki 3782 nəfərlik “Fazanerija” stadionunda keçirir. “Bakı”nın rəqibinə 40 yaşlı yerli mütəxəssis – Ante Şimundza başçılıq edir. Klubun prezidenti isə Miroslav Topiçdi.
“Mura”nın heyətində cəmi bir legioner var. Bu, Bosniya və Hersoqovinadan olan Nusmir Fayiçdi.
Qeyd edək ki, oyunlar iyulun 5-də və 12-də keçiriləcək.
