26 iyun 2012 17:27
İnter ilk qələbəsini qazandı, Rubin 13 qol buraxdı
Bakıda Azərbaycan Beynəlxalq Bankının 20 illiyinə həsr olunan beynəlxalq turnir davam edir. Azerisport.az xəbər verir ki, bu gün B qrupunda 2-ci turun oyunları keçirilib.
Öncə meydana İsveçin “Brommapojkarna” və Rusiyanın “Rubin” klublarının 13 yaşadək futbolçulardan ibarət komandaları çıxıb. Görüş maraqlı hesabla başa çatıb. Belə ki, matç 13:0 hesabıyla İsveç klubunun xeyrinə yekunlaşıb.
Günün ikinci oyununda isə ev sahibi “İnter” Estoniyanın “Kotkas” klubunu qəbul edib. Bütün oyun ərzində rəqibdən daha üstün futbol sərgiləyən “İnter” matçı öz xeyrinə başa vurmağı bacarıb – 1:0. “İnter”in qələbə qolunun müəllifi Nadir Qasımov olub.
Qeyd edək ki, ilk turda “Rubin” “Kotkas”ı 4:0, “Brommapojkarna” “İnter”i 4:1 hesabı ilə yenib. Bu günkü qələbədən sonra “Brommapojkarna” sonuncu turun nəticələrindən aslı olmayaraq yarımfinala vəsiqə qazanıb. “İnter” və “Rubin” hazırda 2-3-cü yerləri bölüşdürür.
Onu da qeyd edək ki, ilk turda 2 dəfə fərqlənən, bu gün isə üç qola imza atan “Brommapojkarna”nın hüçumçusu Bədavi Mohammed hələ ki 5 topla turnirin ən sərrast oyunçular siyahısına başçılıq edir.
Bu gün A qrupunda da ikinci turun oyunları keçiriləcək. Saat 18.30-da “Slaviya” (Bolqarıstan) – Dinamo (Tiflis, Gürcüstan), bir saat sonra isə “Karpatı” (Ukrayna) – Samsunspor (Türkiyə) matçları başlayacaq.
