27 iyun 2012 11:26
İnter və Xəzər Lənkəranın rəqiblərindən fərqli nəticə
Futbol üzrə Estoniya çempionatında 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasında Azərbaycan klublarına – “İnter”lə “Xəzər Lənkəran”a rəqib olan “Trans”la “Nomme Kalju” fərqli nəticələrə imza atıblar.
“Nomme Kalju” doğma meydanda “Kuressaare” ilə qarşılaşıb. “Xəzər Lənkəran”ın rəqibi Vakuy (74) və Meltsin (78) qolları ilə 2:0 hesablı qələbəyə sevinib.
“Trans” isə “Levadia” ilə ev oyununda məğlubiyyətlə üzləşib – 1:2. “İnter”in rəqibinin yeganə qoluna Alekseyev imza atıb. Lakin 65 və 90-cı dəqiqədə buraxılan qollar “Trans”ın qələbəni əldən verməsi ilə nəticələnib.
Bu nəticələrdən sonra “Nomme Kalju” 43 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. “Trans” isə 15 xalla altıncı yerdədi.
