28 iyun 2012 02:30
Xəzər Lənkəran son matçda darmadağın oldu
Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Xəzər Lənkəran” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Yunis Hüseynovun yetirmələrinin bu dəfəki rəqibi Çexiyanın “Dinamo” klubu olub.
Oyun çexlərin 5:2 hesablı qələbəsi ilə başa çatıb. “Xəzər Lənkəran” iki dəfə hesabda öncə keçsə də, üstünlüyü əldən verib. Lənkəran klubunun ilk qoluna 8-ci dəqiqəsində Randal Brenesin ötürməsindən sonra Rahid Əmirquliyev imza atıb. İkinci qolu isə 47-ci dəqiqədə Branimir Subaşiçin ötürməsindən sonra Sadio Tounkara vurub.
Bununla da “Xəzər Lənkəran” Avstriyadakı 3 həftəlik toplanışı başa vurub. Lənkəran klubu toplanış çərçivəsində keçirdiyi yoxlama oyunlarında Almaniyanın Regional Liqasında çıxış edən “Starnberq”ə 6:0 hesabı ilə qalib gəlib, Kiyev “Dinamo”suna 0:2 hesabı ilə uduzub, Rumıniyanın “Vasluy” klubu ilə 1:1 hesablı bərabərliyə razılaşıb.
