28 iyun 2012 02:37
Avroliqadakı klublarımızın oyunlarının başlama saatları bəlli oldu
Azərbaycan klublarının Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsindəki ilk oyunlarının başlama vaxtları məlum olub. Azerisport.az xəbər verir ki, “Xəzər Lənkəran”, “İnter” və “Bakı”nın müvafiq olaraq “Nomme Kalju”, “Trans” (hər ikisi Estoniya), “Mura” (Sloveniya) ilə oyunları iyulun 5-də keçiriləcək.
“İnter”in “Trans”la ilk oyunu Estoniyada keçiriləcək. Görüş Rakveke şəhərindəki eyniadlı stadionda baş tutacaq. Görüş Bakı vaxtı ilə 20:30-da start götürəcək. İyulun 12-də Bakıda keçiriləcək cavab qarşılaşmasının başlama saatı isə hələlik müəyyənləşməyib.
“Xəzər Lənkəran”ın “Nomme Kalju” ilə ilk qarşılaşması doğma divarlar arasında keçiriləcək. Lənkəran şəhər stadionundakı görüş saat 20:00-da başlayacaq. İyulun 10-da keçiriləcək cavab görüşü isə Tallin şəhərindəki “Kadriorq” stadionunda baş tutacaq Bakı vaxtı ilə 20:45-də start götürəcək.
“Bakı” da ilk oyunu evdə keçirəcək. “Zolaqlılar” “Mura”nı “Dalğa Arena”da qəbul edəcəklər. Qarşılaşma saat 21:00-da start götürəcək. Ayın 12-də keçiriləcək cavab matçının başlama vaxtı isə hələlik dəqiqləşməyib.
