28 iyun 2012 15:30
XL üç futbolçudan imtina edib, vətənə qayıdır (FOTO)
Xəbər verdiyimiz kimi, “Xəzər Lənkəran” Avstriya toplanışı çərçivəsində dünən son yoxlama oyununa çıxıb. Azersport.az xəbər verir ki, Tirol vilayətinin Leoqanq qəsəbəsinin futbol meydançasında baş tutan matçda "Xəzər Lənkəran"ın rəqibi Çexiyanın yüksək liqa təmsilçisi "Dinamo" olub.
“Xəzər Lənkəran” matça aşağıdakı start heyəti ilə çıxıb: Kamran Ağayev, Eder Bonfim, Manuel Skarlatake, Ruslan Abışov, Elnur Allahverdiyev; Robert Alvij, Sadio Tounkara, Rahid Əmirquliyev, Rikardo Qomeş, Adrian Pits; Rendal Brenes.
Matçın 3-cü dəqiqəsində Rahid Əmirquliyev qüvvətli zərbə ilə hesabı açsa da, 9 dəqiqə sonra rəqib hesabda tarazlıq yaradıb. İlk hissənin sonuna qədər rəqibindən üstün oyun sərgiləyən komandamız bir neçə dəfə real qol şansı qazansa da, hesab dəyişməyib. Fasilədən sonra məşqçilər korpusu baxışda olan üç futbolçunu və heyətdə olan gənc futbolçuları meydana buraxıb. Nəticədə bundan maksimum yararlanan rəqib matçdan 5:2 hesablı qələbə ilə ayrılıb. Baxmayaraq ki, ikinci hissə Sadionun qolu ilə başlayıb.
Onu da qeyd edək ki, baxışda olan futbolçular sloveniyalı Denis Çuriç, serb futbolçu Predrag Laziç və portuqaliyalı Rikardo Felisberto baş məşqçi Yunis Hüseynovun etimadını qazana bilməyərək geri göndəriliblər. "Xəzər Lənkəran" bu gün axşam saatlarında hazırlğını tamamlayıb vətənə dönəcək.
