28 iyun 2012 17:01
“Qarabağın təklifindən imtina edə bilməzdim”
“Qarabağ”ın yeni transferi – Mira Varvodiç Almaniya mətuatının diqqət mərkəzinə düşüb. Azerisport.az xəbər verir ki, xorvatiyalı gənc qapıçının Bundesliqa klubunu (Köln) Premyer Liqaya dəyişməsi bu ölkədə bir qədər təəccüblə qarşılanıb.
Almaniya mətbuatının məlumatına görə, Varvodiç “Köln”də üçüncü qapıçı imiş. Onun Bundesliqanı daha zəif ölkə çempionatına dəyişməsinin əsas səbəblərindən biri kimi isə maliyyə amili önə çəkilir. Qeyd olunur ki, o, Ağdam klubunda iki ilə 800 min avro qazanacaq.
Varvodiç özü isə “Qarabağ”a keçidi ilə bağlı bunları dilə gətirib: “Yeni klubum növbəti mövsüm beynəlxalq arenaya çıxmağı hədəfləyib. Bu komandada çıxış etməklə mən həm də oyun təcrübəsi qazanacağam. Belə bir təklifdən imtina edə bilməzdim”.
Xorvatiyalı qapıçının sözlərinə görə, o, “Qarabağ”a keçidini geriyə addım hesab etmir. Əksinə, Varvodiç bu komandada uğurlu çıxış sayəsində Avropanın daha güclü klublarına keçmək arzusundadı: “İki il sonra mən də istənilən qapıçı kimi daha yaxşı çempionatlarda çıxış etmək istəyirəm”.
Ağdamlıların yeni transferi Azərbaycandan, paytaxt Bakıdan da danışıb. O, Bakının gözəlliklərindən danışarkən bunları vurğulayıb:
“Mən Bakı haqda eşitmişdim. Bu şəhəri ikinci Dubay adlandırırdılar. Bura gəldikdən sonra bir daha buna şahid oldum. Şəhər çox gözəldi və sürətlə inkişaf edir”.
