29 iyun 2012 01:47
İnter nəhayət ki, qələbə qazandı (YENİLƏNİB)
Sloveniyada təlim-məşq toplanışını davam etdirən "İnter" daha bir yoxlama görüşü keçirib. Azerisport.az xəbər verir ki, ölkəmizi Avropa Liqasında təmsil edəcək “bankirlər”in sonuncu rəqibi Sloveniyanın “Celje” klubu olmalıydı.
Lakin, qeyri-müəyyən səbəblərdən bu görüş baş tutmayıb. Belədə, paytaxt təmsilçisi Sloveniyanın aşağı liqasında çıxış edən "Çempion" klubu ilə üz-üzə gəlib. Oyun 3:0 sıfır hesabıyla komandamızın xeyrinə başa çatıb. "İnter"in qollarını Baçana Tsxadadze və dubla imza atan Tales Şuts vurub.
Beləcə, Kaxaber Tsxadadzenin komandası Sloveniya toplanışı çərçivəsində ilk qələbəsinə sevinib. Bununla da "İnter" Sloveniya hazırlığı çərçivəsində yoxlama qarşılaşmalarını yekunlaşdırıb. Qarşıdakı günlərdə komanda plana uyğun olaraq keçirəcəyi məşqlərlə kifayətlənəcək.
Xatırladaq ki, toplanışın ilk yoxlama matçında “İnter” Avstriyanın "Kapfenberq" klubuna, daha sonra isə son Sloveniya çempionu "Maribor"a 0:1 hesabıyla məğlub olmuşdu. Xorvatiyanın “Osijek” komandası ilə görüşdə isə paytaxt klubu 0:2 hesablı yenilgiylə üzləşmişdi.
Yoxlama oyunu
28 iyun
ÇEMPİON – İNTER - 0:3
