29 iyun 2012 17:16
Mura Bakı ilə oyundan imtina edə bilər
Sloveniyanın “Mura” klubu Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Bakı” ilə görüşlərdən imtina edə bilər. Azerisport.az xəbər verir ki, hazırda bu komandanın düşərgəsində çox ciddi problemlər hökm sürməkdədi.
Məsələ burasındadı ki, komandanın üzvləri prezident Miroslav Topiçin istefasını tələb edirlər. Futbolçular Topiç istefa verməyəcəyi halda “Bakı” ilə səfər oyunundan, yəni Azərbaycana gəlməkdən imtina etməyə hazırlaşırlar.
Hələlik qeyri-rəsmi məlumatlara görə, Topiç futbolçuların bu tələbini yerinə yetirməyə razılıq verib. Yaxın yeddi gün ərzində klub rəhbərliyinin yenidən bir araya gəlməsi və yeni idarə heyətini, prezidenti formalaşdırması gözlənilir.
Maraq üçün qeyd edək ki, “Mura” “Bakı” ilə oyunlardan imtina etsə, bu komanda UEFA tərəfindən sərt şəkildə cəzalandırılacaq, eləcə də texniki məğlubiyyət alacaq.
