29 iyun 2012 18:24
Vitorianın qapıçısı rəsmən Qəbələdə (FOTO)
2012-2013 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, son iki mövsümü Portuqaliya Super Liqasında “Vitoria" Setubalın heyətində keçirən braziliyalı Dieqo Kosta da Silva “Qəbələ” ilə 2 illik müqavilə imzalayıb.
Kiperin Portuqaliya klubu ilə müqaviləsi davam etsə də, anlaşma tərəflərin qarşılıqlı razılaşması ilə ləğv edilib və “Vitoria" Setubal qapıçının “Qəbələ”yə keçidinə icazə verib. Dieqo Kosta imzadan öncə İstanbul Acıbadem xəstəxanasında tibbi müayinədən keçib.
Braziliyada - İtaki bölgəsində anadan olan Dieqo Kosta peşəkar karyerasına doğma ölkəsində 1998-ci ildə “Yuventud” klubunda başlayıb. 2002-ci ilə qədər sözügedən komandanın çərçivəsini qoruyan Dieqo daha sonra “Atletiko PR” (Braziliya, 2003- 2005), “Fluminense” (Braziliya, 2006-2008), “Santo Andre” (Braziliya, 2009), “Leiksos” (Portuqaliya, 2009-2010) və “Vitoria Setubal”ın (Portuqaliya, 2010-2012) 1 nömrəli formasını geyinib. Dieqo ötən mövsüm Portuqliya mətbuatı tərəfindən ilin ən yaxşı qapıçısı seçilib.
Dosye
Dieqo Kosta da Silva
Amplua: Qapıçı
Doğulduğu tarix: 11.05.1979
Doğulduğu yer: İtaki, Braziliya
Boyu: 1,87 m
