30 iyun 2012 15:55
Platinidən şok açıqlama: AÇ-2020-yə 12-13 ölkə ev sahibliyi edə bilər
UEFA prezidenti Mişel Platini qəribə açıqlama ilə çıxış edib. Azerisport.az xəbər verir ki, qitə futbol qurumunun fransalı rəhbərli AÇ-2020-yə 12-13 ölkənin ev sahibliyi edə biləcəyini bəyan edib.
Platini AÇ-2020-nin iştirakçılarının öz oyunlarını keçirmək üçün müxtəlif ölkələrə getməsinin mümkünlüyünü vurğulayıb. O, bu gün keçirdiyi mətbuat konfransında açıqladığı ideyaya əksər UEFA üzvü olan ölkələrin isti yanaşdığını bildirib.
Qeyd edək ki, AÇ-2020-yə hələlik rəsmi olaraq Uels-Şotlandiya-İrlandiya üçlüyü, Azərbaycan-Gürcüstan cütlüyü, eləcə də Türkiyə ev sahibliyi etmək istəyir. Bu ölkələr artıq belə bir istəklə UEFA-ya müraciət də edib. Lakin UEFA prezidentinin yeni ideyasından sonra 2020-ci ildə keçiriləcək qitə birinciliyinin hansı aqibəti yaşayacağı bəlli deyil.
Lakin bir Avropa çempionatına birdən-birə 12-13 ölkənin ev sahibliyi etməsi ideyasına qarşı çıxanlar da tapılıb. Buna etiraz edənlər bildiriblər ki, stadionlar arasındakı məsafələrin uzun olması həm komandaların, həm də azarkeşlərin xərclərini artıracaq, eyni zamanda yorğunluğa səbəb olacaq.
