30 iyun 2012 10:41
Almaniya yığması Bakı səfəri öncəsi Avropa çempionu oldu
Futbol üzrə 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında keçirilən Avropa çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, bütün rəqiblərindən güclü olan Almaniya yığması turnirin baş mükafatına sahib çıxıb.
Berti Foqtsun həmyerliləri finalda Fransa ilə üz-üzə gəliblər. Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. Əlavə vaxtda da qol vurulmayınca, qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Bu zərbələri daha dəqiq yerinə yetirən almanlar Avropa çempionatının qızıl medallarına sahib çıxıblar – 4:3.
Üçüncü yer uğrunda oyunda isə İsveçrə ilə Danimarka qarşılaşıb. Bu oyunda da qalib penaltilərlə müəyyənləşib. 120 dəqiqə ərzində qapılara yol tapa bilməyən komandalardan penalti zərbələrini daha dəqiq yerinə yetirən Danimarka millisi olub – 5:4.
Beləcə, Almaniya üçüncü dəfə Avropa çempionu olarkən, Danimarka da ikinci dəfə bürünc medallarla kifayətlənməli olub. Qitə birinciliyində finala çıxan Almaniya ilə Fransa bu uğur sayəsində həm də Azərbaycanda keçiriləcək dünya çempionatına vəsiqə qazanıblar.
