1 iyul 2012 01:33
UEFA AÇ-2020 ilə bağlı yeni qərarını açıqladı
UEFA İcraiyyə Komitəsinin növbəti toplantısı keçirilib. Azerisport.az xəbər verir ki, UEFA prezidenti Mişel Platininin rəhbərliyi altında Ukraynanın paytaxtı Kiyevdə təşkil olunan mərasimdə AÇ-2020-yə ev sahibliyinə namizədlik, eləcə də superkubok finalları ilə bağlı önəmli qərarlar çıxarılıb.
Mətbuatın iştirakı olmadan keçirilən iclasda öncə AÇ-2020-yə ev sahibliyi məsələsi müzakirə olunub. Bildirilib ki, namizəd ölkə federasiyaları namizədlik sənədlərini müəyyən olunmuş qaydalara əsasən hazırlayacaqlar və 2013-cü ilin sentyabr ayında UEFA-ya təqdim edəcəklər. AÇ-2020-nin final mərhələsinə ev sahibliyi edəcək ölkə və ya ölkələr isə 2014-cü ilin may ayında UEFA tərəfindən açıqlanacaq.
UEFA AÇ-2020-nin turnirin 60 illik yubileyinə təsadüf etməsi səbəbi ilə qitə birinciliyinin formatında dəyişiklik edilməsi də gündəmdədi. Belə ki, Platininin ötən gün mətbuat konfransında açıqladığı kimi, turnirə bir və ya ikidən artıq, hətta 12-13 ölkə eyni vaxtda ev sahibliyi edə bilər.
Qeyd edək ki, AÇ-2020-yə hələlik rəsmi olaraq Uels-Şotlandiya-İrlandiya üçlüyü, Azərbaycan-Gürcüstan cütlüyü, eləcə də Türkiyə ev sahibliyi etmək istəyir. Bu ölkələr artıq belə bir istəklə UEFA-ya müraciət də ediblər. Lakin UEFA prezidentinin yeni ideyasından sonra 2020-ci ildə keçiriləcək qitə birinciliyinin hansı aqibəti yaşayacağı bəlli deyil. Bu, həm də Azərbaycanın ilk dəfə Avropa çempionatına ev sahibliyi etmək şanslarını aşağı sala bilər.
UEFA-nın son iclasında 2014 və 2015-ci illərdə keçiriləcək superkubok oyunlarına ev sahibliyi edəcək ölkə və stadionların da adları açıqlanıb. Belə ki, 2014-cü ildə UEFA Çempionlar Liqası ilə Avropa Liqasının ən güclü komandaları arasındakı superkubok görüşü Uelsin paytaxtı Kardifdə - səhər stadionunda keçiriləcək. 2015-ci ildəki superkubok matçında isə qonşu Gürcüstan ev sahibliyi edəcək. Belə ki, həmin görüş Tiflisdəki “Mixail Mesxi” stadionunda baş tutacaq.
