1 iyul 2012 02:08
UEFA Avropa Liqasındakı klublarımızın qazancını artırır
UEFA rəhbərliyi Çempionlar Liqası və Avropa Liqasında çıxış edən klubların gəlirlərini artırmaq istəyir. Azerisport.az xəbər verir ki, bu barədə ötən gün Ukraynanın paytaxtı Kiyevdə keçirilən UEFA İcraiyyə Komitəsinin iclasında qərar çıxarılıb.
İki aparıcı turnirin mükafat fondu arasındakı ciddi fərqlərin olduğunu dilə gətirən UEFA rəsmiləri bunu nisbətən aradan qaldırmağa qərar veriblər. Belə ki, hər iki turnirin mükafat fondunu artıran qitə futbol qurumu, bu mənada Avropa Liqasında iştirak edəcək klublara əvvəlkinə nisbətən daha çox pul verilməsi haqda qərar çıxarıb.
Buna baxmayaraq, hətta yeni qərardan sonra da bu iki turnirin mükafat fondları arasında ciddi fərqlərin olması diqqət çəkir. Belə ki, Çempionlar Liqasında klublara ödəniləcək pul 31 milyon 500 min avro təşkil etdiyi halda, Avroliqada bu məbləğ 8 milyon 500 min avro təşkil edir.
