1 iyul 2012 02:29
Fransa yığması baş məşqçisiz qaldı
Futbol üzrə Fransa yığması baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, fransızların baş məşqçisi Loran Blan milli komandadan ayrılmağa qərar verib.
AÇ-2012-dəki uğursuzluq Fransa yığmasında da dəyişikliyə səbəb olub. Artıq Fransa Futbol Federasiyası da bu barədə rəsmi açıqlama yayıb və Loran Blanla müqaviləni yeniləməyəcəklərini təsdiqləyib. Yeni baş məşqçinin kim olacağı isə hələlik qaranlıq qalır.
Qeyd edək ki, Fransa yığması ilə 23 matçlıq məğlubiyyətsizlik seriyası yaxalayan Loran Blan hətta AÇ-2012-nin ilk oyunları zamanı da özündən söz etdirməkdə idi. Lakin İngiltərə ilə 1:1 hesablı heç-heçə, Ukrayna üzərindəki 2:0-lıq qələbədən sonra alınan İsveçə məğlubiyyət (0:2) ona olan tənqidləri bir qədər artırmışdı. 1/4 final mərhələsində İspaniyaya 0:2 hesablı məğlubiyyət Blanın millidən gedişində əsas rol oynadı.
