1 iyul 2012 18:44
Bakı Kolumbiya yığmasının oyunçusundan imtina etdi
Avropa Liqası öncəsi yeni qapıçı almaq istəyən “Bakı”nın daha bir cəhdi boşa çıxıb. Azerisport.az xəbər verir ki, Marko Şarliya ilə yollarını ayırdıqdan sonra yaxşı “çərçivə” qoruyucusu yönündə axtarışa çıxan “zolaqlılar” hələ ki, istədiyini tapa bilmir.
Bir müddət öncə baxışa çağırılan serbiyalı Nikola Miloyeviçdən imtina edən paytaxt klubu Kolumbiya yığmasının qapıçısı Luis Enrike Martineslə də anlaşa bilməyib. Halbuki, bu qapıçı ilə ikinci dəfə danışıqlar aparmaq üçün o, Bakıya da dəvət olunmuşdu. Lakin 28 yaşlı qapıçı ölkəmizə təşrif buyurduqdan sonra əvvəl razılaşdırılmış məbləğlə müqayisədə daha çox pul tələb edib. Bu isə “Bakı” rəhbərliyinin xoşuna gəlməyib və qapıçı geri qaytarılıb.
Qeyd edək ki, Luis Enrike 2003-cü ildən bəri Kolumbiya yığmasında 14 oyun keçirib və 1 qol vurub. “Neko” ləqəbli futbolçunun keçidini həll edə bilməyən “zolaqlılar” artıq Avroliqaya Aqil Məmmədovla getməli olacaq. Sloveniya “Mura”sı ilə ilk təsnifat mərhələsinin oyunlarında “Bakı”nın qapısını məhz millimizin qapıçısı qoruyacaq.
