1 iyul 2012 11:51
Azərbaycan çempionu ÇL-də iki komanda ilə çıxış edə bilər
2013-2014 mövsümündən başlayaraq Çempionlar Liqasında çıxış edən klublar bu turnirdə yalnız əsas yox, həm də 19 yaşadək futbolçulardan ibarət komandaları ilə təmsil olunacaqlar. Azerisport.az xəbər verir ki, bu hüquqa ancaq qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanan klublar sahib olacaqlar.
Hər klubun U-19-u əsas komandaların təqviminə uyğun olaraq oyun keçirəcək. Yeganə fərq ondan ibarət olacaq ki, 19 yaşlılar arasındakı pley-off mərhələsi bir oyundan ibarət olmaq şərti ilə keçiriləcək və həmin görüş də neytral meydanda baş tutacaq. Yarımfinal və final oyunları da eyni qayda ilə keçiriləcək.
Bu, hələlik eksperiment kimi həyata keçiriləcək. Belə ki, bu ideyanı iki il sınaqdan keçirməyi planlaşdıran UEFA özünü doğruldacağı halda onu ənənəvi olaraq təşkil etməyə başlayacaq. Belə olan halda artıq Azərbaycan çempionu da 2013-14 mövsümündən başlayaraq, qrup mərhələsinə vəsiqə qazanmaqla, ÇL-də iki komanda ilə təmsil oluna bilər.
