2 iyul 2012 01:48
Bakıda kiprli qapıçı
Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Bakı” yeni qapıçı axtarışlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Marko Şarliya ilə yollarını ayırdıqdan sonra yaxşı “çərçivə” qoruyucusu yönündə axtarışa çıxan “zolaqlılar” hələ ki, istədiyini tapa bilmir.
Bir müddət öncə baxışa çağırılan serbiyalı Nikola Miloyeviçdən imtina edən paytaxt klubu Kolumbiya yığmasının qapıçısı Luis Enrike Martineslə də anlaşa bilmədi. Hazırda isə bakılıların kiprli qapıçı ilə danışıqlar apardığı bildirilir. Hələlik onun adı açıqlanmır. Lakin əldə etdiyimiz məlumata görə, həmin qapıçı hətta Bakıya da gəlib və böyük ehtimalla müqavilə bağlayacaq.
Qeyd edək ki, artıq “zolaqlılar”ın Avroliqada Aqil Məmmədovla çıxış edəcəyi dəqiqləşib. Sloveniya “Mura”sı ilə ilk təsnifat mərhələsinin oyunlarında “Bakı”nın qapısını məhz millimizin qapıçısı qoruyacaq.
