2 iyul 2012 16:24
Sloveniyalılar Bakı ilə oyunun stadionuna dair növbəti səhvə yol verdilər
Avropa Liqasında Azərbaycan kubokunun qalibi “Bakı”ya rəqib olan Sloveniyanın “Mura” klubu paytaxt təmsilçisi ilə keçirəcəyi ilk oyuna ev sahibliyi edəcək stadionla bağlı növbəti dəfə yanlışlığa yol verib. Azerisport.az xəbər verir ki, “Mura”nın rəsmi saytı öncə “zolaqlılar”ın ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirdiyini yazmış, öz aralarındakı görüşün də mərkəzi arenada baş tutacağını qeyd etmişdi.
Bu dəfə isə sloveniyalılar həmin səhvlərini düzəldiblər və qarşılaşmanın “Dalğa Arena”da keçiriləcəyini yazıblar. Amma onlar səhvən “Dalğa Arena”nı “Bakı”nın doğma meydanı kimi qeyd ediblər. Sloveniya klubunun rəsmiləri bu arenanın Azərbaycan klubunun bazasında yerləşdiyini düşünürlər. Əslində isə “Bakı”nın bazası şəhərin kənarında yerləşdiyi halda, “Dalğa Arena” Mərdəkandadı.
Qeyd edək ki, “Mura” ilə “Bakı” arasındakı ilk oyun iyulun 5-də “Dalğa Arena”da keçiriləcək və saat 21:00-da start götürəcək.
