2 iyul 2012 17:31
Türkiyə yığmasının sabiq üzvü rəsmən Sumqayıtda (FOTO)
2012/2013 mövsümü üçün hazırlığını davam etdirən “Sumqayıt” Futbol Klubu növbəti transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, Belçikanın 2-ci liqasında mübarizə aparan “Patro Eisden” klubunda çıxış edən Azərbaycan əsilli Taner Taktak Sumqayıt klubu ilə 1+1 sistemi üzrə müqavilə imzalayıb.
1990-cı il təvəllüdlü adıçəkilən futbolçu yarımmüdafiə xəttində çıxış edir. 180 sm boya sahib olan Taner peşəkar karyerasına 2007-ci ildə Hollandiyanın “Fortuna Sittart” klubunda başlayıb. 2010-cu ilə kimi bu komandanın heyətində 31 qarşılaşmada 2 qola imza atan sumqayıtlıların yeni transferi daha sonra Türkiyə 1-ci liqasında mübarizə aparan “Hacettepe” ilə müqavilə imzalayıb (10 oyun). 2011-ci ildə Belçikaya üz tutan Taner “Patro Eisden”də çıxış edib (13 oyun, 1 qol).
Taner Türkiyənin aşağı yaş millilərində ümumilikdə 46 oyuna çıxıb və 2 qol vurub. O, U-17-də 18 oyun, U-18-də 17 oyun, U-19-da isə 11 oyun keçirib.
