3 iyul 2012 20:17
“Neftçini bu heyətlə də məğlub edə bilərik”
Gürcüstanın “Zestafoni” klubunun baş məşqçisi Georgi Çiabrişvili komandasının Avstriya toplanışı barədə danışıb. Azerisport.az xəbər verir ki, Çempionlar Liqasında “Neftçi”nin rəqibi olan gürcülərin çalışdırıcısı öncə bunları dilə gətirib:
“Toplanış yaxşı keçir. Artıq taktiki sxemləri sınaqdan keçiririk. Gündən-günə hazırlıq səviyyəmiz daha da yaxşılaşacaq. “Neftçi” ilə qarşıdakı oyunlara tam hazır olmalıyıq”.
“Toplanış yaxşı keçir. Artıq taktiki sxemləri sınaqdan keçiririk. Gündən-günə hazırlıq səviyyəmiz daha da yaxşılaşacaq. “Neftçi” ilə qarşıdakı oyunlara tam hazır olmalıyıq”.
Çiabrişvilinin sözlərinə görə, onun komandası Avstriya toplanışı çərçivəsində ilk sınaq matçında qarşılaşdığı Rumıniyanın “Astra” klubu ilə görüşə tam hazır olmadan çıxıb: “Bizim hazır olmamağımız azmış kimi, rəqib də möhkəm komanda idi. Özü də onlar artıq bir neçə yoxlama oyunu keçirməyə imkan tapmışdılar. Bizə nisbətən daha yaxşı hazırlıqlı idilər. Buna baxmayaraq, gənc futbolçularımızın özlərini göstərməsi çox xoş idi. “Astra”nı məğlub edə bilməməyimizdə isə ciddi heç nə görmürəm”.
Gürcüstanda çoxları hesab edir ki, “Zestafoni” heyətinə əl gəzdirməlidi. Amma baş məşqçi fərqli fikirdədi: “Şəxsən mən hesab edirəm ki, komandamız indiki heyətlə də rəqiblərini məğlub edəcək gücdədi. Yeni oyunçu almağa heç bir ehtiyac duymuram”.
“Neftçi”nin rəqibinin baş məşqçisi Azərbaycan çempionu barədə də söz açıb: “Mən artıq öncədən də “Neftçi”nin necə güclü komanda olduğunu demişəm. Komandanın yaxşı büdcəsi, legionerləri var. Əlbəttə, bakılıların əvəzində daha zəif rəqiblə qarşılaşmağımız daha yaxşı olardı. Amma bütövlükdə, şanslar bərabərdi”.
