3 iyul 2012 00:19
Bakıda daha bir yığma üzvü (FOTO)
Kolumbiya yığmasının üzvü Luis Enrike Martinesdən əlini üzən Azərbaycan kubokunun sahibi “Bakı”nın daha bir qapıçı ilə danışıqlara başladığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, artıq onun kimliyi də müəyyənləşib.
Bu, Cənubi Kipr yığmasının qapıçısı Antonis Georqallidesdi. Onunla hazırda danışıqlar davam edir. Kiprli qapıçının “Bakı”ya keçib-keçməyəcəyi yaxın günlərdə bilinəcək. Kipr mətbuatının yazdığına görə, yaxın günlərdə tərəflər müqaviləyə imza atmalıdılar.
Qeyd edək ki, Antonis Georqallidesin 30 yaşı var. 1,92 metr boyu olan qolkiper 2000-2006-cı illərdə Cənubi Kiprin “Anortosis” klubunda çıxış edib və bu müddətdə 62 dəfə meydana çıxıb. 2006-cı ildə “Omonia” klubuna keçən qolkiper bu komanda indiyədək 140 oyunda qapını qoruyub.
Georqallides “Anortosis”in heyətində iki dəfə Cənubi Kipr çempionu (2000, 2005) və iki dəfə ölkə kubokunun (2002, 2003) qalibi olub. “Omonia”da isə o, ölkə çempionluğunu (2010), kubokunu (2011, 2012) və Super Kubokunu (2010) qazanıb.
Georqallides 2005-ci ildən çıxış etdiyi yığmada 37 oyun keçirib. O, milli formanı sonuncu dəfə ötən ilin 11 sentyabrında Şotlandiya ilə keçirilən matçda geyinib.
