4 iyul 2012 14:12
Yığmamızın hücumçusu Sivasspor ilə yollarını ayırdı
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Cihan Özkara Türkiyə Super Liqasında çıxış edən “Sivasspor” klubundan ayrılıb. Azerisport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Artıq Cihan özünə yeni klub da tapıb. Millimizin üzvü TFF birinci liqada çıxış edən “Erciyesspor”la anlaşıb. Kayseri klubu Özkara ilə yanaşı, Almaniyanın “Karl Zeyss Jena” klubundan müdafiəçi Kristian Demirtaşı da heyətinə qatıb.
Qeyd edək ki, Cihan 2011-ci ilin yayında Almaniyanın “Rot Veyss Ahlen” klubundan “Sivasspor”a keçmişdi. Sivas klubunda keçirdiyi 15 oyunda 2 qol vuran futbolçu 2011-ci ilin mayından 21 yaşadək futbolçulardan ibarət millimizə çağırılır. Bu müddətdə 6 dəfə U-21-in formasını geyinən Cihan 3 qola imza atıb. Bu il Berti Foqtsun əsas yığmaya dəvət etdiyi futbolçu A millidə 2 oyun keçirib.
Onu da qeyd edək ki, “Erciyesspor”da ötən il Azərbaycan U-21-nin başqa bir oyunçusu – Amit Quluzadə də çıxış edirdi. Lakin o, mövsüm başa çatan kimi Kayseri klubu ilə yollarını ayırmışdı.
