5 iyul 2012 00:12
Klublarımızın avrokubok macərası bu gün başlayır
Bu gün Azərbaycan klublarının avrokubok macərasına start veriləcək. Azerisport.az xəbər verir ki, UEFA Avropa Liqasında ölkəmizi təmsil edəcək “Xəzər Lənkəran”, “İnter” və “Bakı” klubları qitənin ikinci dərəcəli klub turnirində ilk oyunlarına çıxacaqlar.
Məlum olduğu kimi, “Bakı” bu hüquqa ölkə kubokunu qazanmaqla, “Xəzər Lənkəran” gümüş, “İnter” isə bürünc medalçı kimi yiyələnib. “Zolaqlılar”ı Avroliqanın ilkin təsnifat mərhələsində Sloveniya, “ağ-yaşıllar”la “bankirlər”i isə Estoniya təmsilçisi ilə görüşlər gözləyir. Təmsilçilərimizdən ikisi avrokubok mövsümünə doğma divarlar arasında start verəcəksə, “İnter” açılışı rəqib meydanında edəcək. Hansı ki, cavab görüşünün evdə keçirilməsi baxımından “bankirlər”in bəxtinin gətirdiyini vurğulamaq olar. Baxmayaraq ki, püşk bu klubumuzun da ilk oyununu evdə keçirməsini “istəmişdi”. Sadəcə, UEFA eyni ölkənin təmsilçiləri ilə bağlı belə məqamlar olduqda, müəyyən dəyişikliklərə əl atır.
Qeyd edək ki, hər üç klubumuz püşk zamanı “səpələnmişlər” səbətindən çıxdığı üçün, rəqibləri özlərinə nisbətən daha zəiflərin – “səpələnməmişlər”in arasından seçilib. Məhz bu üzdən azərbaycanlı futbolsevərlərin hamısı bütün klublarımızın ən azı birinci mərhələni keçəcəyinə ümidlidi. Əks halda bu, mərhələ keçə bilməyən klubumuz üçün çox ciddi uğursuzluq kimi qiymətləndiriləcək.
Xüsusilə, indiyə qədər heç vaxt avrokuboklarda mərhələ keçə bilməyən “Xəzər Lənkəran”ın da nəhayət bu arzusuna çatması üçün münbit şərait yaranıb. Düzdü, rəqib zəiflər arasından seçilsə də, “Nomme Kalju” hazırda Estoniya çempionatına liderlik edir. Amma istənilən halda “ağ-yaşıllar” uğur qazanmağa borcludular. Vaxtilə “Karvan”la UEFA kubokunda tarix yazan Yunis Hüseynovun cənub təmsilçisinə də uğur qazandıracağına ümid bəsləyənlər kifayət qədərdi. Düzdü, Avroliqa öncəsi bir neçə futbolçu ilə yollarını ayıran mütəxəssis yeni oyunçu almaqda o qədər də maraqlı olmadı. Görünür o, bir-birini nisbətən daha yaxşı anlayan hazırkı heyətə güvənməyə üstünlük verir. Hansı ki, bu mövsüm avrokuboklardan kənarda qalan “Qarabağ” da qitə miqyaslı yarışlara məhz bu prinsiplə hazırlaşırdı və bunun bəhrəsini də görürdü. Lakin təbii ki, “Neftçi”dən alınan Ruslan Abışov, yenidən “ağ-yaşıl” formanı geyinməli olacaq Manuel Skarlatake də Hüseynovun komandasının gücünə güc qata bilər. İlk oyun Lənkəranda keçiriləcəyindən, “Xəzər Lənkəran” azarkeşlərinin də güclü dəstəyi sayəsində cütün taleyini məhz burda həll etməyə çalışmalıdı. Əks halda iyulun 10-da keçiriləcək Estoniyadakı cavab matçında komandamızın işi xeyli çətinləşə bilər.
Estoniyanın digər klubu – “Trans”la üz-üzə gələcək “İnter” bu yay transfer bazarında ən çox fəallıq nümayiş etdirən klublarımızdandı. Təbii ki, bu, “bankirlər”in meydanda anlaşmasında öz sözünü deyə bilər. Lakin istənilən halda Kaxaber Tsxadadzenin yetirmələrinin bu rəqibi keçməkdən başqa çıxış yolları yoxdu. Əvvəla ilk oyun səfərdə keçiriləcək. Deməli, paytaxt klubu ilk oyunda nisbətən sərfəli nəticə qazanmalı, cütün taleyini isə Bakıda keçiriləcək vavab matçında həll etməyə çalışmalıdı. Hazırda davam edən Estoniya çempionatında turnir cədvəlinin ortalarında var-gəl edən bu komanda “bankirlər”in dişinə görə rəqibdi və arzuolunmaz nəticə əsl sürpriz kimi qiymətləndirilə bilər. Paytaxt klubunun yeniləri - Slavço Georgiyevski, George Adamiya, Tales Şütz və digər transferlərdən çox şey gözlənilir.
“Bakı”nı isə bir müddət öncə yoxlama oyununda 4:0 hesabıyla yendiyi Sloveniya “Mura”sı gözləyir. Təbii ki, yoxlama görüşü ilə avrokubok oyunu tamamilə fərqlənir. Amma bu rəqibini sınaq matçında yenməyi bacaran komanda eyni uğuru rəsmi görüşdə də təkrarlamağa borcludu. Azərbaycan kubokunu komandasına qazandırmaqla baş məşqçi postunda qalmağı bacaran Novruz Əzimova Avroliqada da böyük ümidlər bəslənilir. Hansı ki, o da heyətdə çox dəyişiklik etməyib. Paytaxt klubu vaxtilə heyətində oynamış Ramazan Abbasov və Əziz Quliyevi geri qaytarmaqla yanaşı, həm də iki müdafiəçi alıb – Edemir Rodriqes və Georgi Popxadze. Baş məşqçi hər iki müdafiəçinin tam hazır olmamasından şikayətlənsə də, “zolaqlılar”ın ən “yaralı” yeri qapı xəttidi. Çünki bir neçə qapıçı ilə danışıqlar aparmasına rəğmən, bu boşluğu doldura bilməyən “Bakı” rəhbərliyi artıq bütün ümidini Aqil Məmmədova bağlayıb. Amma ehtiyat qapıçının demək olar ki, olmaması bakılıları çətin vəziyyətdə də qoya bilər. Heyətini tam komplektləşdirə bilməməsinə rəğmən, Əzimovun “Bakı”sı “Mura” səddini keçəcək gücdədi. Bunun üçün ilk növbədə Bakıdakı qarşılaşmada qol vurub, buraxmamaq, bir sözlə, cütün taleyini elə doğma divarlar arasında həll etmək lazımdı. Əks halda təmsilçimiz Sloveniyadakı cavab görüşündə sürprizlə rastlaşa bilər.
Sonda onu da bildirək ki, avrokuboklarda qazanılacaq istənilən uğur Azərbaycan UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşməyəcək. Belə ki, klublarımızın istənilən qələbəsi ölkəmizə 0,250 reytinq xalı qazandıracaq. Heç-heçə isə 0,125 xal verəcək. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 37-cidi və hesabında 6.207 reytinq xalı var.
Avropa Liqasındakı klublarımızla yanaşı Azərbaycanı bu il ölkə çempionu “Neftçi” də qitə arenasında təmsil edəcək. “Ağ-qaralar” daha nüfuzlu Çempionlar Liqasında özünü göstərmək şansına malikdi.
Avroliqadakı klublarımızın iştirak ərizələrini də təqdim edirik. "Xəzər Lənkəran" bu turnirdə 19, "İnter" 21, "Bakı" isə 26 futbolçu ilə mübarizə aparacaq.
Xəzər Lənkəran
Qapıçılar: Kamran Ağayev, Kamal Bayramov, Orxan Sadıqlı;
Müdafiəçilər: Ruslan Abışov, Elnur Allahverdiyev, Eder Bonfim, Manuel Skarlatake, Radomir Todorov;
Yarımmüdafiəçilər: Elnur Abdullayev, Kamran Abdullazadə, Robert Alviz, Rahid Əmirquliyev, Alim Qurbanov, Adrian Pit, Rikardo Qomeş, Akif Tağıyev, Sadio Tounkara;
Hücumçular: Rendal Brenes, Branimir Subaşiç;
Baş məşqçi: Yunis Hüseynov.
İnter
Qapıçılar: Georgi Lomaya, Elşən Poladov, Revaz Tevdoradze;
Müdafiəçilər: Brüs Abdulaye, Valeri Abramidze, Ruslan Əmircanov, İlia Kandelaki, Vladimir Levin;
Yarımmüdafiəçilər: Arif Daşdəmirov, Daniel Genov, Nizami Hacıyev, Slavço Georgiyevski, Ramil Həşimzadə, Asif Məmmədov, Asif Mirili, İbrahima Niasse;
Hücumçular: George Adamiya, Tales Şütz, Baçana Tsxadadze, Samir Zərgərov, Petar Zlatinov;
Baş məşqçi: Kaxaber Tsxadadze.
Bakı
Qapıçılar: Elxan Əhmədov, Aqil Məmmədov, Xalidu Sissoko;
Müdafiəçilər: Elvin Əliyev, Duje Bakoviç, Əziz Quliyev, Denis İvanovs, İbrahim Karqbo, Cəmşid Məhərrəmov, Novruz Məmmədov, George Popxadze, Edemir Rodriqez Merkado, Şəhriyar Əliyev, Elşad Manafov;
Yarımmüdafiəçilər: Ramazan Abbasov, Deividas Çesnauskis, Lukas Mario Horvat, Nenad Kovaçeviç, Elvin Məmmədov, Aleksandar Soliç, Xavier Junior, Rəhman Hacıyev;
Hücumçular: Uinston Parks, Maris Verpakovskis, Namiq Ələsgərov, Nurlan Novruzov;
Baş məşqçi: Novruz Əzimov.
Avropa Liqası
1-ci təsnifat mərhələsi (ilk oyunlar)
5 iyul
20:00. XƏZƏR LƏNKƏRAN – NOMME KALJU
Hakimlər: Mitya Zqaneç, Qreqor Royko, Robert Vukan, Draqoslav Periç (Hamısı Sloveniya).
UEFA nümayəndəsi: Yevgeni Tratsyuk (Belarus).
Hakim-inspektor: Yari Maysonlahti (Finlandiya).
20:30. TRANS - İNTER
Hakimlər: Aleksandr Buko, Cimmi Kremers, Patrik Plumes, Loran Kolemonts (Hamısı Belçika).
UEFA nümayəndəsi: Miloş Markoviç (Serbiya).
Hakim-inspektor: Stefan Ormandjiev (Bolqarıstan).
21:00. BAKI - MURA
Hakimlər: Sergey Dankovski, Yevgeni Xalamendik, Aleksandr Yakimenko, Vitali Romanov (Hamısı Ukrayna).
UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina).
Hakim-inspektor: Oleq Çikun (Belarus).
