6 iyul 2012 02:22
İnterin oyununda yunan “casus”
“İnter”in Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Estoniya “Trans”ı ilə ilk oyununu potensial rəqibi də izləyib. Azerisport.az xəbər verir ki, komandamız Avroliqanın ikinci təsnifat mərhələsində Yunanıstanın “Asteras Tripolis” klubu ilə qarşılaşmalıdı.
Bu üzdən də yunanlar artıq indidən həmin oyuna hazırlaşırlar. Ötən gün Rakveredə baş tutan “Trans” – “İnter” oyununu izləyənlər arasında Yunanıstan təmsilçisinin məşqçisi Georgios Xeridis də olub.
O, potensial rəqibləri barədə fikirlərini də açıqlayıb. Saytımıza açıqlamasında yunan mütəxəssis bunları dilə gətirib: “Etiraf edim ki, bu komandalar haqda o qədər də geniş məlumatım yoxdu. Amma fikrimcə, “İnter” daha güclüdü”.
