7 iyul 2012 00:43
Ronald de Bur: Azərbaycan yığması sürprizə imza ata bilər
Xəbər verdiyimiz kimi, ötən gün Bakıdakı Beynəlxalq Muğam Mərkəzində keçirilən FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimində bir sıra tanınmış klublarda, o cümlədən Hollandiya millisinin heyətində gözəl oyunu ilə azarkeşlərin rəğbətini qazanmış veteran futbolçu Ronald De Bur da vardı. Hollandiyalı futbol veteranı püşkatma mərasimindən sonra azerisport.az saytının suallarını cavablandırıb.
De Bur öncə ölkəmizdə gördüklərindən danışıb: “Azərbaycanda heç vaxt olmamışdım. Düzünü deyim ki, gördüklərim məni heyran qoydu. Bilmirdim ki, bura bu qədər gözəldi. Düzdü, vaxtım çox azdı. Amma gördüklərimi həmişə xoş xatirə kimi yadıma salacam”.
Hollandiyalı ulduz daha sonra DÇ-2012-nin püşkatma mərasimi barədə fikirlərini açıqlayıb: “Püşkatma bu böyük turnirin keçirilməsi yolunda atılan ilk böyük addımdı. Mərasim çox gözəl təşkil olunmuşdu. Elə bu püşkatma mərasimindən də hiss etmək olur ki, ölkəniz dünya çempionatını çox yaxşı şəkildə keçirəcək. Bu çempionat həm də dünya futbolu tarixində bir ilkdi. Çünki əvvəllər bu yaş qrupu üzrə mundial keçirilməyib. Bu tarixi yazmaq isə sizə düşüb. Əgər mətbuatdan və sponsorlardan qadın futboluna yaxşı dəstək verilsə, sizdə hər şey çox yaxşı alınacaq”
Ronald həmçinin A qrupunda Kolumbiya, Nigeriya və Kanada ilə qarşılaşmalı olacaq Azərbaycan U-17-dən də söhbət açıb: “Qadın futbolu ölkənizdə yenicə inkişaf edir. Amma əminəm ki, sizin bu turnirdən gözləntiləriniz böyükdü. Mənə bu qrupun favoritini müəyyənləşdirmək çətindi. Lakin deyə bilərəm ki, Azərbaycan bu qrupda sürprizə imza ata bilər”.
Məlum olduğu kimi, De Bur Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsla birgə püşkatmada yaxından iştirak edirdi. Bu üzdən də hollandiyalı alman məşqçi ilə də bağlı fikirlərini dilə gətirib: “Biz bir-birimizə xoş sözlər dedik. Mən də öz növbəmdə Foqtsa Azərbaycan yığması ilə uğurlar arzuladım. Əsas yığma komandanız haqqında bir qədər məlumatım var. Əminəm ki, zamanla hər şey daha da yaxşı olacaq. Bu işdə Foqts sizə kömək etməlidi”.
